İtidişli armud
İtidişli armud (lat. Pyrus acutiserrata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.
Cənubi Zaqafqaziyada, Qafqazda yayılmışdır.
Alçaqboy ağacdır. Cavan budaqları bozumtul-qonur qabıqlı, bəzən nazik iynələrlə qurtarır. Yarpaqları dərili, enli-lansetvari, uzunluğu 5-8 sm, eni 2-3 sm, uzun, pazşəkilli bünövrəli, kənarları iti dişli, ucu vəzicikli, bəzən kənarları bütövdür. Cavan yarpaqların üstü yapışqanlı tükcüklü, alt tərəfi keçəli tükcüklü, meyvəvermə dövründə üstü parlaq, yaşıl, çılpaq, alt tərəfi keçəli olur. Yarpaqları xallı-keçəli, nisbətən çılpaq, saplaqları nazik keçəli, uzunluğuna görə yarpaq ayasının yarısına bərabər və ya ondan qısadır. Tumurcuqları yumurtavari-konusvari, seyrək tükcüklü, pulcuqludur. Çiçəkləri çox xırda, sıx tükcüklü çiçək saplağında yerləşir.